Bu gün “Murov qartalı” ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. O, sağ olsaydı, 54 yaşı tamam olacaqdı.
Raquf Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub.
O, hərbi xidmətə 1990-cı ildə Özbəkistanda, sovet ordusunun sıralarında başlayıb. Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı hərbi əməliyyatlara başlamasından sonra doğma Ağdama qayıdıb və 1992-ci ilin fevralında özünümüdafiə batalyonuna qoşulub.
Raquf Orucov döyüşlərdə fəal iştirak edib və iki dəfə yaralanıb.
1993-cü ilin iyununda Cinli kəndinə hücum zamanı onun anası və dayısı həlak olublar. Elə həmin il Bakıda Ali Hərbi Məktəbə daxil olan Raquf Orucov 1995-ci ildə kiçik leytenant rütbəsi alaraq Murovdağdakı hərbi hissədə kəşfiyyat komandiri təyin edilib.
1995-ci ildə onun rəhbərlik etdiyi kəşfiyyat qrupu düşmən arxasına keçərək üç erməni hərbçisini əsir götürüb. Göstərdiyi şücaətə görə Raquf Orucov “Murov qartalı” ləqəbini qazanıb.
Sonrakı illərdə də ön cəbhədə xidmətini davam etdirən zabit qərargah rəisi, briqada komandiri və digər məsul vəzifələrdə çalışıb. O, cəbhənin ən gərgin istiqamətlərində həyata keçirilən onlarla uğurlu əməliyyatın əsas təşkilatçılarından və iştirakçılarından biri olub.
Polkovnik-leytenant Raquf Orucov 2016-cı ilin Aprel döyüşlərində son döyüşünə qatılıb və şəhidlik zirvəsinə ucalıb. O, ömrünün 26 ilini hərbi xidmətə və Vətənin müdafiəsinə həsr edib.
Raquf Orucov aprelin 5-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Vida mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar, ictimaiyyət nümayəndələri və ümumilikdə 10 mindən çox insan iştirak edib.
Polkovnik-leytenant Raquf Orucov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

