ABŞ-nin müdafiə naziri Pit Heqset ölkəsinin İranla müharibəyə çəkdiyi xərclərin 37,5 milyard dollara çatdığını bildirib. Bu barədə “The Insider” məlumat yayıb.
Heqset bu rəqəmi ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı açıqlayıb. “Reuters”in məlumatına görə, məbləğ yalnız indiyədək çəkilən xərcləri deyil, həm də 30 sentyabr 2026-cı ilədək proqnozlaşdırılan bəzi xərcləri əhatə edir.
Rəsmi hesablamaya hərbi əməliyyatlar, texnikanın saxlanılması, silah-sursat, şəxsi heyətin ödənişləri və digər müdafiə xərcləri daxildir. Müharibə üçün göstərilən məbləğ Pentaqonun may ayında açıqladığı 29 milyard dollarlıq əvvəlki qiymətləndirmədən xeyli çoxdur.
“The Insider” qeyd edir ki, 37,5 milyard dollar ABŞ-nin 2022-ci ilin fevralından 2026-cı ilin martınadək Ukraynaya ayırdığı 67,8 milyard dollarlıq hərbi yardımın təxminən 55 faizinə bərabərdir. Burada yalnız hərbi yardım nəzərdə tutulur; iqtisadi, humanitar və ABŞ daxilində xərclənmiş digər vəsaitlər bu müqayisəyə daxil deyil.
Heqset Konqresdən Pentaqona təcili olaraq əlavə 87 milyard dollar ayrılmasını istəyib. Bu vəsaitin təxminən 67 milyard dollarının Yaxın Şərqdəki hərbi əməliyyatlara yönəldilməsi nəzərdə tutulur. Nazir əlavə maliyyə ayrılmasa, hərbi təlimlərin və digər proqramların məhdudlaşdırıla biləcəyini bildirib.
İranla müharibənin uzanması ABŞ daxilində də tənqidlərə səbəb olub. Konqres üzvləri administrasiyadan müharibənin məqsədləri, hüquqi əsasları və yekun maliyyə yükü barədə daha şəffaf məlumat tələb edirlər.

