ABŞ İranda keçirilən əməliyyata 80 milyard dollardan 100 milyard dollara qədər vəsait xərcləyə bilər.
Bu barədə NBC News Pentaqonun daxili hesablamaları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə səlahiyyətlərini icra edən müavini Culs Herst iyulun 14-də Senatda keçirilən dinləmələr zamanı bildirib ki, ABŞ təmir işləri nəzərə alınmadan hərbi əməliyyatlara 30 milyard dollar xərcləyə bilər.
Bununla yanaşı, məmur bu qiymətləndirmənin bir neçə ay əvvəl səsləndirildiyini qeyd edib. Materialdan belə məlum olur ki, onun daha yeni məlumatları olmayıb.
Pentaqonun daxili hesablamalarına əsasən, zərər görmüş bazaların təmiri, sursat ehtiyatlarının bərpası və məhv edilmiş təyyarələrin əvəzlənməsi xərcləri də nəzərə alınarsa, əməliyyatın ümumi dəyəri 100 milyard dollara qədər arta bilər.

