ABŞ hazırda İranla münasibətlərdə yaranmış böhranın həlli üçün danışıqlar aparmır və yaxın vaxtlarda belə danışıqlar planlaşdırılmır.
Bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “Əl-Cəzirə”yə açıqlamasında bildirib.
“İran İslam Respublikası ilə hazırda danışıqlar aparılmır və belə danışıqlar planlaşdırılmır”, – deyə o vurğulayıb. Ağ Evin bu mövqeyi ABŞ-İran diplomatik təmaslarının faktiki olaraq dalana dirəndiyini göstərir.
Kelli prezident Donald Trampın Hörmüz boğazının minalardan təmizləndiyi və gəmiçilik üçün açıq olduğu barədə əvvəlki bəyanatını da təkrarlayıb. Bununla yanaşı, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın tam qüvvədə qaldığını bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranın iqtisadi təcridini gücləndirməyə və ölkənin gəlir mənbələrini məhdudlaşdırmağa yönəlmiş kampaniyanı davam etdirir. Reuters də ABŞ-ın son günlər İran üzərində sanksiya və iqtisadi təzyiqi artırdığını bildirir.
The Wall Street Journal isə mənbələrə istinadən yazıb ki, ABŞ rəsmiləri vasitəçilərə Tehranla daha əvvəl əldə olunmuş anlaşma memorandumuna qayıtmaq istəmədiklərini çatdırıblar. Məlumata görə, Tramp hazırda razılaşmanı bərpa etməkdənsə, İrana qarşı sərt iqtisadi təzyiq strategiyasının nəticə verib-verməyəcəyini sınamaq istəyir.

