İndoneziyanın Dağlıq Papua əyalətində naməlum şəxslər təyyarəni yandırıblar.
Bu barədə Jakarta Globe qəzeti İndoneziya Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində təyyarənin pilotu, ABŞ vətəndaşı Nikolas Qoselin həlak olub.
Məlumata görə, yerli PT AMA aviaşirkətinə məxsus təyyarə eniş etdikdən sonra onunla rabitə kəsilib. Daha sonra hava gəmisində yanğın baş verdiyi məlum olub.
Təyyarənin göyərtəsində 7 sərnişin olub.
İndoneziya Nəqliyyat Nazirliyi pilotun ölümünü təsdiqləyib. Caya Vidcaya dairəsinin polisi hadisənin şəraitini araşdırır.
Polis həmçinin bölgədə fəaliyyət göstərən silahlı qruplaşmanın hücumda mümkün iştirakına dair məlumatları yoxlayır.

