İstanbuldan Liviyanın Misrata şəhərinə uçan Türkiyə qeydiyyatlı özəl təyyarənin eniş zamanı uçuş-enmə zolağından çıxaraq alovlanması ilə bağlı aparılan araşdırmada pilotlarla bağlı diqqətçəkən fakt üzə çıxıb.
Hadisə sentyabrın 14-də Misrata hava limanında baş verib. İstanbuldan havaya qalxan TC-AKF bort nömrəli “Cessna 680A Citation Latitude” tipli özəl təyyarə eniş zamanı zolaqdan çıxaraq alovlanıb.

Təyyarədə sərnişin olmayıb. İki pilot və bir kabin əməkdaşından ibarət üç nəfərlik ekipaj xəsarət almadan təyyarəni tərk edə bilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov nəzarət altına alınıb, ekipaj isə ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Hadisədən sonra Misrata hava limanı müvəqqəti olaraq uçuşlara bağlanıb.
Araşdırma zamanı təyyarənin Misrataya hansı məqsədlə getdiyi də məlum olub. Bildirilir ki, təyyarə üç liviyalı siyasi şəxsi VIP sərnişin kimi götürərək Türkiyəyə gətirməli idi. Onların arasında Tripolidə yerləşən müdafiə nazirinin müavini Əbdüssəlam Zubinin qardaşı Məhəmməd Zubinin də olduğu qeyd edilir. Qəza səbəbindən planlaşdırılan uçuş baş tutmayıb.

Hadisədən sonra Liviya Baş Prokurorluğunun başladığı araşdırma çərçivəsində ekipaj üzvləri tibbi və ekspertizadan keçirilib. Testlərin nəticələrinə əsasən, pilot və ikinci pilotun hadisə zamanı alkoqollu olduğu müəyyən edilib. Bundan sonra hər iki pilot həbs olunub.
Beynəlxalq mediada ekipaj üzvlərinin Türkiyə vətəndaşı olduğu bildirilsə də, Liviya rəsmiləri pilotların vətəndaşlığı ilə bağlı hələ rəsmi təsdiq verməyiblər.
Qəzanın dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.

