Günəşin görünən tərəfində yeni günəş ləkələri qrupu qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, bayram günləri ərzində əsas dəyişiklik Günəşin görünən tərəfində yeni — artıq dördüncü nəzərəçarpan ləkə qrupunun meydana çıxması olub. Bu qrup 4378 nömrəsi ilə qeydiyyata alınıb.
Mütəxəssislər bildiriblər ki, ləkə qrupu Günəşin sol kənarında, ekvatordan yuxarı hissədə müşahidə olunan parlaq plazma halqaları ilə seçilir.
Alimlərin məlumatına görə, 7 və 8 mart tarixlərində Günəşdə müşahidə olunan dörd ləkə qrupu ümumilikdə dörd zəif alışma (flare) yaradıb.

