Kolumbiyada avtomobil şousu faciə ilə nəticələnib. Bu barədə El Tiempo qəzeti məlumat yayıb.
Hadisə ölkənin qərbində yerləşən Kauka departamentinin inzibati mərkəzi olan Popayan şəhərində baş verib. Şou zamanı sükan arxasında qadın olan Monster Truck maneəni keçdikdən sonra gözlənilmədən sürətlənib və tamaşaçıların olduğu əraziyə çırpılıb.
Şəhər meri bildirib ki, 10 yaşlı qız hadisə yerində həyatını itirib, daha iki qız isə sonradan xəstəxanada ölüb. Ümumilikdə 38 nəfər yaralanaraq tibb müəssisələrinə çatdırılıb.
Popayan polis rəisinin sözlərinə görə, ehtimal olunur ki, avtomobilin əyləcləri sıradan çıxıb. Qadın sürücü hazırda xəstəxanadadır, o, huşunu itirməyib və tibbi yardım göstərilir.
Qeyd edək ki, 2024-cü ilin iyununda ABŞ-da keçirilən monstre-trak şousunda da oxşar hadisə baş vermiş, avtomobil elektrik dirəyinə çırpılaraq gərgin naqilləri tamaşaçıların üzərinə salmış və bir neçə nəfər xəsarət almışdı.

