ABŞ-ın Şrivport şəhərində baş verən silahlı insident faciə ilə nəticələnib. NBC News-un polisə istinadən yaydığı məlumata görə, hadisə 19 aprel səhər saatlarında qeydə alınıb.
Polis əməkdaşları məişət münaqişəsi ilə bağlı çağırışa gəldikdə şəhərin iki fərqli evində atəş açıldığını müəyyən ediblər. Yaralılardan biri isə yaxınlıqdakı üçüncü evə sığınıb.
Hadisə nəticəsində ümumilikdə 10 nəfər yaralanıb, 1 yaşdan 14 yaşadək 8 uşaq həyatını itirib.
Polisin ilkin ehtimalına görə, hücumu tək şəxs törədib. O, hadisə yerindən qaçaraq avtomobil qaçırıb, lakin qısa müddət sonra təqib zamanı patrul əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hücumun motivi hələlik məlum deyil. Polis yalnız onu bildirib ki, həyatını itirən bəzi uşaqlar hücumçunun qohumları olub.
Şəhərin meri Tom Arseno hadisəni “Şrivport tarixinin ən dəhşətli faciələrindən biri” adlandırıb və bütün şəhərin dərin kədər içində olduğunu vurğulayıb.

