Çinin şimalında yerləşən Şansi əyalətində kömür şaxtasında qaz partlayışı baş verib.
Hadisə nəticəsində 90 nəfər həlak olub.
Bu barədə CNN dövlət mediasına istinadən məlumat yayıb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir, ölənlərin sayı isə hələ dəqiqləşdirilir. Daha 9 nəfər itkin düşmüş hesab olunur.
Yer altında qalan şaxtaçıların dəqiq sayı hələlik məlum deyil. Daha əvvəl Xinhua agentliyi Şansi əyalətinin Çançji şəhərində yerləşən “Lüşenyu” şaxtasında kritik dərəcədə yüksək dəm qazı səviyyəsinin qeydə alındığını bildirmişdi.
Partlayış cümə günü axşam saatlarında baş verib. Həmin vaxt şaxtada 247 işçi olub. Şənbə səhərinə qədər xilasedicilər azı 201 nəfəri təxliyə edə biliblər.
Qəzanın səbəbləri araşdırılır.
Çin Sədri Si Cinpin itkin düşən şaxtaçıların tapılması üçün “bütün qüvvələrin” səfərbər edilməsinə çağırıb. O, həmçinin faciənin səbəblərinin hərtərəfli araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Qeyd edək ki, Şansi Çinin ən böyük kömür hasilatı bölgələrindən biri hesab olunur və burada şaxtalarda təhlükəsizlik problemləri vaxtaşırı gündəmə gəlir. Ölkə fosil yanacaqlardan asılılığı azaltmağa çalışsa da, kömür hələ də Çinin enerji istehlakının yarıdan çoxunu təmin edir.

