Sumqayıtda 35 günlük körpə xəstəxanada ölüb.
Bu barədə Denmedia.az-a körpənin anası Sahilə Şamilova məlumat verib.
Onun sözlərinə görə, övladı Könül və Aida adlı həkimin səhlənkarlığı nəticəsində həyatını itirib.
Ananın bildirdiyinə əsasən, körpə anadangəlmə müəyyən sağlamlıq problemləri ilə dünyaya gəlib. Bu səbəbdən o, yenidən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzinə müraciət edib və körpə bir müddət həmin tibb müəssisəsində müalicə alıb.
İddiaya görə, uşağa xəstəxanada heç bir müayinə apalmayıb. Daha sonra ana öz imtina ərizəsi əsasında körpəni xəstəxanadan çıxarıb. Bir müddət sonra uşağın vəziyyəti yenidən pisləşib. Qonşuların köməkliyi ilə körpə təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 35 günlük körpə xəstəxanada vəfat edib. Sahilə Şamilova övladının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edir və hadisənin obyektiv araşdırılmasını tələb edir.
TƏBİB-dən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 19.03.2026-cı il tarixində saat 17:40 radələrində Şamilova Sahilə Telman qızı 37 həftəlik hamiləlikdən 3 250 qram çəkidə qız uşağı dünyaya gətirib.
Yenidoğulmuşda anadangəlmə inkişaf qüsuru (damağın yarığı) və tranzitor taxipnoe əlamətləri qeydə alınıb. Körpəyə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti barədə ailəyə ətraflı məlumat verilib.
24.03.2026-cı il tarixində saat 18:30 radələrində ana həkimlərin tövsiyələri barədə məlumatlandırılmasına baxmayaraq, körpəsi ilə birlikdə evə yazılmasını təkid edib və evə buraxılıb. Bununla bağlı yenidoğulmuş barədə 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinə patronaj məlumatı təqdim edilib.
21.04.2026-cı il tarixində saat 17:20 radələrində ana uşaqda narahatlıq, göyərmə və ağlama şikayətləri ilə Sumqayıt Perinatal Mərkəzinin Təcili tibbi yardım şöbəsinə müraciət edib. Körpə sarı zona üzrə triaj olunaraq həkim müayinəsindən keçirilib. Pasiyentə stasionar müalicə təklif olunsa da, ana hospitalizasiyadan imtina edib və bununla bağlı müvafiq imtina sənədini imzalayıb. Hadisə barədə ərazi üzrə 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinə də məlumat verilib.
22.04.2026-cı il tarixində saat 14:00 radələrində uşağın meyiti Sumqayıt Perinatal Mərkəzinin Təcili tibbi yardım şöbəsinə gətirilib. Faktla bağlı dərhal polisə məlumat verilib, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov

