ABŞ-də ən yaşlı məhbus hesab edilən Francis Clifford Smith 101 yaşında vəfat edib.
BBC News-un məlumatına görə, Smith 1950-ci ildə yaxta klubunun gecə gözətçisini öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.
O, bütün müddət ərzində günahsız olduğunu bildirib. İş üzrə saxlanılan digər şəxs isə istintaqla razılaşmaya gedərək Smith əleyhinə ifadə verib.
Lakin bir müddət sonra hökmün doğruluğuna hətta hüquq-mühafizə orqanlarında da şübhələr yaranıb. Bəzi şahidlər əvvəlki ifadələrindən imtina edib, başqa bir məhbus isə cinayəti öz üzərinə götürüb. Polis Smithin ümumiyyətlə hadisə yerində olmamasını da istisna etməyib.
Nəticədə onun edamı səkkiz dəfə təxirə salınıb.
1954-cü ildə edam hökmü ömürlük həbs cəzası ilə əvəz edilib. Francis Clifford Smith ümumilikdə 70 il həbsxanada qalıb.
2020-ci ildə o, yaşlı məhbuslar üçün nəzərdə tutulmuş qocalar evinə köçürülüb. Müəssisə nümayəndəsinin sözlərinə görə, Smith yuxuda, qocalıq səbəbindən vəfat edib. Daha sonra onun nəşi kremasiya olunub.

