Böyük Britaniyanın Wakefield adlı ciddi rejimli həbsxanasında ömürlük cəza çəkən bir qatil məhbus amansızlıqla qətlə yetirilib. Bu barədə The Nightly xəbər verib.
İstintaqın məlumatına görə, üç məhbus 33 yaşlı Kyle Bevan üzərində “öz ədalətlərini” həyata keçiriblər. O, 2020-ci ildə iki yaşlı Lola James-i döyərək öldürmüş, qızın bədənində 101 zədələnmə izi aşkar edilmişdi. Səhər saatlarında həbsxana nəzarətçiləri Bevanı kamerasında ölü vəziyyətdə tapıblar və dərhal araşdırma başlayıb.
West Yorkshire polisi hadisəni Bevanın kamera yoldaşlarının törətdiyini təsdiqləyib. Onlar artıq qətldə şübhəli qismində saxlanılıblar.
Bevan minimum 28 il olmaqla ömürlük həbs cəzasına məhkum edilmişdi. Məhkəmə onun heç bir peşmanlıq hiss etmədiyini, əksinə, cinayətin izlərini gizlətmək üçün qızın pilləkəndən yıxılmasını saxtalaşdırdığını müəyyən etmişdi.

