Ekvadorun paytaxtı Kitodakı beynəlxalq hava limanında Rusiya vətəndaşı olan qadın baqajında 32 Qalapaqos dəniz iquanası aşkarlanandan sonra saxlanılıb.
Ekvador polisi qadını vəhşi heyvanların qanunsuz alverində şübhəli bilir.
Polisin yaydığı görüntülərdə iquanaların səkkiz plastik konteynerə yerləşdirildiyi görünür.
Hüquq-mühafizə orqanları qadının haradan gəldiyini və hara getdiyini açıqlamayıb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Qalapaqos dəniz iquanaları yalnız Qalapaqos adalarında yaşayan nadir növdür. Bu heyvanların uzunluğu 1,5 metrə qədər çata bilir və onlar dünyanın başqa heç bir yerində təbii şəkildə yaşamırlar.

