The Korea Herald qəzetinin məlumatına görə, Cənubi Koreyada 20 yaşlarında olan bir qadın, özünə psixi xəstəlik üçün yazılmış reseptli dərmanları içkiyə qataraq iki nəfəri öldürməkdə ittiham olunur.
Polisin bildirdiyinə görə, istintaq zamanı məlum olub ki, şübhəli cinayətləri planlaşdırarkən ChatGPT-yə həmin dərmanlarla bağlı suallar verib. Sorğular arasında “Yuxu dərmanlarını spirtlə qəbul etsən nə baş verər?”, “Bu nə qədər təhlükəlidir?” və “Ölümcül ola bilərmi?” kimi ifadələr yer alıb.
Hüquq-mühafizə orqanları qeyd edib ki, şübhəli şəxs spirt və dərmanların birlikdə istifadəsinin ölümcül nəticə verə biləcəyini anlayırdı və bu mövzuda sualları dəfələrlə təkrarlayıb.
İddialara görə, ilk hadisə qadının bir kişi ilə moteldə qalmasından sonra üzə çıxıb – o, iki saat sonra tək çıxıb, kişi isə ertəsi gün axşam saatlarında ölü tapılıb. Oxşar üsulla ikinci bir şəxsin də başqa moteldə öldürüldüyü bildirilir.
Məlumata əsasən, şübhəli qadın reseptli psixiatrik dərmanları içkiyə qataraq qurbanlara verdiyini etiraf edib.

