Misirin paytaxtı Qahirədə Rusiya vətəndaşı zorakılıq və soyğunçuluq cəhdindən xilas olmaq üçün balkondan tullanıb. Bu barədə Cairo 24 portalı məlumat yayıb.
Materialda bildirilir ki, ilkin istintaq zamanı şübhəli şəxs Yeni Qahirədə bir yaşayış binasına daxil olan üç rusiyalı qadını görüb. Təxminən bir saat sonra onların ardınca gedərək, mənzilin qapısının açıq olduğunu aşkar edib.
Jurnalistlərin yazdığına görə, kişi mənzilə daxil olub və divanda yatan rusiyalı qadınlardan birini görüb. Onu qucaqlamağa cəhd etdikdən sonra qadın balkona qaçaraq ikinci mərtəbədən özünü aşağı atıb. Digər iki Rusiya vətəndaşı isə polisə xəbər verib. Şübhəli şəxs hadisə yerində saxlanılıb.
Misir Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin kişi üç əcnəbi qadının yaşadığı mənzili soymaq niyyətində olub. Nazirlik bildirib ki, şübhəli qadınlardan birinə qarşı seksual zorakılıq edib, digərini isə qayçı ilə yaralayıb. Zərərçəkənlərin vətəndaşlığı rəsmi olaraq açıqlanmayıb.

