Şimali Kiprin Girne şəhəri sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib, 240 nəfər xilas edilib, 19 nəfərin axtarışları isə davam etdirilir. Faciə ilə əlaqədar Şimali Kiprdə üçgünlük milli matəm elan olunub.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu son vəziyyət barədə məlumat verərək bildirib ki, axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.
“240 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. 19 sərnişinin axtarış-xilasetmə işləri davam edir.”
Nazirin sözlərinə görə, əməliyyata Sahil Mühafizə Komandanlığının beş üzən vasitəsi və iki helikopteri cəlb olunub.
Hadisə Girne sahillərində “FiloJet” sərnişin gəmisinin batması nəticəsində baş verib. İlkin məlumatlara görə, gəmi Girne–Mersin marşrutu üzrə hərəkət edirdi. Göyərtədə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfər olub.
Gəmi limandan ayrıldıqdan bir müddət sonra Girne sahillərindən təxminən 4 mil – 6,44 kilometr məsafədə yana əyilməyə başlayıb və qısa müddət sonra batıb.
Hadisədən dərhal sonra genişmiqyaslı xilasetmə əməliyyatına başlanılıb. Türkiyə də əməliyyata əlavə qüvvələr göndərib. Axtarışlara hərbi və sahil mühafizə vasitələri ilə yanaşı, hadisə yerinə yaxın ərazidə olan özəl katerlər də qoşulub.
İlk saatlarda rəsmilər 6 nəfərin öldüyünü və 172 nəfərin xilas edildiyini, daha sonra isə ölənlərin sayının 7-yə, xilas edilənlərin sayının 237-yə çatdığını bildirmişdilər. Son məlumatlara əsasən isə 240 nəfər xilas edilib, ölənlərin sayı 8-ə yüksəlib və 19 nəfərin axtarışı davam edir.
Hadisə ilə bağlı cinayət işi çərçivəsində saxlanılanlar da var. Şimali Kiprin baş naziri Ünal Üstel bildirib ki, “FiloJet”in kapitanı və 7 ekipaj üzvü olmaqla 8 nəfər saxlanılıb.
Üstel qəzanın bütün detallarının araşdırılacağını vurğulayıb:
“Bu hadisənin hər bir aspekti araşdırılacaq. Ən kiçik səhlənkarlıq belə müəyyən ediləcək.”
Hakimiyyət orqanları hazırda həm 19 itkin şəxsin tapılmasını, həm də gəminin hansı səbəbdən batdığının müəyyənləşdirilməsini əsas prioritet elan edib.
Faciənin miqyası nəzərə alınaraq Şimali Kiprdə üçgünlük milli matəm elan edilib.

