Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson yağışlarının səbəb olduğu ağır qəza baş verib.
Lahaul-Spiti bölgəsində Udaipur–Killar yolu ilə hərəkət edən “Tata Sumo” markalı taksinin üzərinə dağ yamacından qopan nəhəng qaya parçaları düşüb.
Qayaların altında qalan avtomobildə olan 13 nəfər, o cümlədən 6 aylıq körpə həyatını itirib. Daha iki nəfərin isə qaya düşməzdən dərhal əvvəl avtomobildən tullanaraq xilas olduğu bildirilir.
Hadisə Udaipur–Killar avtomobil yolunun Kadu Nala ərazisində baş verib. Tonlarla ağırlığında olan qaya parçaları metrələrlə hündürlükdən sərnişin avtomobilinin üzərinə düşərək onu tamamilə yararsız vəziyyətə salıb.
Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürmə və axtarış-xilasetmə qrupları cəlb olunub. Nəhəng qayaların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkəti dayanıb. Yolun və dağıntıların təmizlənməsi üçün ağır texnika ilə genişmiqyaslı işlərə başlanılıb.
Himaçal-Pradeş ştatının baş naziri Sukhvinder Singh Sukhu xilasetmə işlərinin nəzarətdə saxlanılması barədə göstəriş verib.
Ştatda davam edən güclü musson yağışları səbəbindən sürüşmə və qaya uçqunu riskinin yüksək olduğu bildirilib. Sürücülərə zəruri olmadıqca dağ yollarından istifadə etməmək tövsiyə olunub.
Məlumata görə, maksimum 10 sərnişin tutumuna malik avtomobildə normadan artıq sərnişin olub.

