Meksikada 75 yaşlı restlinq hakimi Xerardo German Pineda qarşılaşma zamanı baş verən insidentdən sonra həyatını itirib.
Azteca Noticias-ın məlumatına görə, hadisə İdalqo ştatında keçirilən restlinq şousu zamanı baş verib. Restlinqçi Xose Anxel hakimə qarşı fənd tətbiq etdikdən sonra Pineda ringə yıxılıb və ayağa qalxa bilməyib.
Zalda olan tamaşaçılar əvvəlcə baş verənlərin şounun bir hissəsi olduğunu düşünüblər. Lakin hadisə yerinə çağırılan tibb işçiləri 75 yaşlı hakimin öldüyünü müəyyən ediblər.
Hadisədən sonra Xose Anxel saxlanılıb. Onunla bağlı iş ilkin olaraq ehtiyatsızlıqdan adam öldürmə halı kimi araşdırılır. Hüquq-mühafizə orqanları ölümün dəqiq səbəbinin və tətbiq olunan fəndlə ölüm arasında birbaşa əlaqənin ekspertiza nəticəsində müəyyənləşdiriləcəyini bildiriblər.
Araşdırma davam etdirilir.

