ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) yerin dərin qatlarında yerləşən strateji bunkerləri məhv etmək üçün nəzərdə tutulan yeni güclü nüvə aviabombasının hazırlanmasına başlayıb. Bu barədə The War Zone nəşri məlumat yayıb.
Nuclear Deterrent System-Air-delivered (NDS-A) layihəsinin ilkin mərhələsi üçün artıq təxminən 100 milyon dollar ayrılıb. Aviabombanın gücünün təxminən 400 kiloton olacağı bildirilir. Onun hazırlanmasında mövcud nüvə beton deşən sursatlarının, o cümlədən B61-11, B61-12 və B61-13 modellərinin elementlərindən istifadə ediləcək.
Bununla yanaşı, nəşrin qeyd etdiyi kimi, silahın havadan çatdırılacağı məlum olsa da, onun konstruksiyası barədə açıq mənbələrdə hələlik ətraflı məlumat yoxdur.
Ehtimal olunur ki, yeni aviabomba idarəolunan və daha dəqiq olması üçün quyruq qanadları ilə təchiz ediləcək. Bu isə onu paraşütlə endirmədən, yüksək hündürlükdə uçan təyyarədən buraxmağa imkan verəcək. Bundan sonra bomba müstəqil şəkildə hədəfə doğru planerləşərək kilometrlərlə məsafə qət edə və lazım gəldikdə istiqamətini düzəldə biləcək. Bomba həmçinin raket sürətləndiricisi ilə də təchiz oluna bilər. Bu xüsusiyyətlər təyyarələrin sursatı hədəfdən kifayət qədər təhlükəsiz məsafədən buraxmasına şərait yaradacaq.
Bu ağır nüvə aviabombalarının B-2 Spirit strateji bombardmançıları və hazırlanmaqda olan B-21 Raider təyyarələri ilə istifadəsi planlaşdırılır. Sursat ehtiyatlarının ABŞ ərazisində yerləşdirilməsi nəzərdə tutulur.
NNSA nümayəndəsinin sözlərinə görə, NDS-A sistemi prezidentə qorunan və dərin yerləşən hədəfləri vurmaq üçün əlavə nüvə imkanları verəcək və rəqibin ən vacib obyektlərini ABŞ nüvə qüvvələrinin əlçatmaz zonasına çıxarmaq cəhdlərinin qarşısını alacaq. O bildirib ki, proqram sürətlə inkişaf edir və əlavə məlumatlar ABŞ üçün strateji baxımdan uyğun olduğu zaman açıqlanacaq.
NNSA ABŞ Energetika Nazirliyinin yarım-muxtar qurumu olub, nüvə silahlarının hazırlanması, modernləşdirilməsi, saxlanması və utilizasiyası ilə bağlı fəaliyyətə cavabdehdir.

