Sumqayıt şəhərinin gənc idmançısı, Qafqaz Döyüş Akademiyasının yetirməsi Kənan Qulizadə növbəti böyük uğura imza atıb. O, 2026-cı ildə Belqrad şəhərində keçirilən IMMAF Avropa çempionatında möhtəşəm çıxış edərək bütün rəqiblərini məğlub edib və qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülüb.
Denmedia.az xəbər verie ki, 44 kq çəki dərəcəsində mübarizə aparan Kənan turnir boyu yüksək texnika, dözümlülük və əzm nümayiş etdirib. Final qarşılaşmasında da inamlı çıxışı ilə üstünlük əldə edən idmançı Azərbaycan bayrağını Avropa arenasında zirvəyə qaldırıb.
Bu, Kənanın ilk böyük beynəlxalq uğuru deyil. O, 2024-cü ildə Abu-Dabidə keçirilən IMMAF Dünya çempionatında bürünc medal qazanaraq dünya miqyasında da adından söz etdirmişdi. Avropa çempionluğu isə onun karyerasında yeni və daha möhtəşəm bir zirvə hesab olunur.
Gənc çempionun uğurunda məşqçilərinin də böyük əməyi var. Baş məşqçi Ravil, məşqçilər Fətullayev Rüfət və Ələkbərzadə Zahid Rəfayıl idmançının hazırlıq prosesində xüsusi rol oynayıblar. Onların peşəkar yanaşması və düzgün taktiki hazırlığı Kənanın beynəlxalq arenada uğur qazanmasına zəmin yaradıb.
Sumqayıt idman ictimaiyyəti bu qələbəni böyük sevinc və qürur hissi ilə qarşılayıb. Kənan Qulizadənin uğuru bir daha göstərir ki, Azərbaycan gəncliyi beynəlxalq idman meydanlarında ölkəmizi layiqincə təmsil etməyə qadirdir.




