Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi dünya çempionatının 1/8 final mərhələsində Misir üzərində qazanılan qələbədən sonra niyə ağladığını açıqlayıb.
Bu barədə onun sözlərini Marca yayıb.
“Bu, sevinc və rahatlıq idi. Çünki mübarizəni davam etdirmək istəyirdik. Bu, oyunda baş verən hər şeyə, görməli olduğumuz bütün işə görə idi”, — deyə Messi bildirib.
Matçın 79-cu dəqiqəsinə qədər Argentina 0:2 hesabı ilə geridə olub. Buna baxmayaraq, komanda oyunun son bölümündə hesabı dəyişməyi bacarıb və 3:2 hesablı dramatik qələbə qazanıb.
Messi bu görüşdə məhsuldar ötürmə edib və qol vurub. Final fitindən sonra isə o, göz yaşlarını saxlaya bilməyib.
Qarşılaşma ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçirilib. Oyunda hesabı 15-ci dəqiqədə Yasser İbrahim açıb. Misirin ikinci qoluna isə Mostafa Ziko imza atıb.
79-cu dəqiqədə Kristian Romero Argentina üçün fərqi azaldıb. 83-cü dəqiqədə Messi hesabı bərabərləşdirib. Argentina millisinin qələbə qolunu isə 90+2-ci dəqiqədə Enso Fernandes vurub.
Qeyd edək ki, Messi oyunun 21-ci dəqiqəsində penaltidən yararlana bilməyib. 58-ci dəqiqədə Zikonun vurduğu qol isə qayda pozuntusuna görə qeydə alınmayıb.

