ABŞ-ın Kaliforniya ştatında “New York Times”ın 40 yaşlı rəhbər əməkdaşı Jonathan McKinsey avtomobil dayanacağında güllələnərək öldürülüb. Hadisədən sonra onun 77 yaşlı qayınatası və qayınanası saxlanılıb. Onlara birinci dərəcəli qətl də daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb.
BBC-nin məlumatına görə, “New York Times”ın oyun bölməsində oyunçu təcrübəsi üzrə mühəndislik direktoru olan Jonathan McKinsey Kaliforniyanın Dublin şəhərində yerləşən avtomobil dayanacağında çoxsaylı güllə yaraları ilə tapılıb. Polis onun hadisə yerində öldüyünü açıqlayıb. “New York Times” da McKinsey-nin ölümünü təsdiqləyib.
McKinsey-nin qayınatası və qayınanası — 77 yaşlı Shouyong Zhang və Shili Chen hadisədən bir neçə dəqiqə sonra ərazidə olan polis əməkdaşı tərəfindən saxlanılıblar.
Santa Rita həbsxanasında saxlanılan cütlük birinci dərəcəli qətl, cinayət törətmək məqsədilə əlbir olma, odlu silahdan kobud ehtiyatsızlıqla istifadə və uşağı təhlükə altında qoyma ittihamları ilə üzləşir. Onların çərşənbə günü məhkəmə qarşısına çıxarılması gözlənilir. Şübhəlilərin vəkilinin olub-olmadığı isə hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları qətlin motivi barədə hələlik açıqlama verməyib.
San-Fransiskoda fəaliyyət göstərən KGO-TV-yə danışan şahidlər ard-arda bir neçə güllə səsi eşitdiklərini, daha sonra yerdə uzanan bir kişi gördüklərini bildiriblər.
Hadisənin şahidi Assad Razawi McKinsey-ni yerdə uzanmış vəziyyətdə gördüyünü, onun başından və sinəsindən qan gəldiyini deyib.

