Sidneydə bədən tərbiyəsi müəllimi işləyən Eşli Enn Sini qətldə şübhəli bilinən iki gəncə kömək etməkdə ittiham olunur.
Bu barədə People nəşri məlumat yayıb.
Sidneyin cənub-qərbində yerləşən Airds High School-da çalışan müəllimə saxlanılıb. İstintaq onun 18 və 19 yaşlı iki şəxslə əlaqədə olduğunu ehtimal edir.
Həmin şəxslər 40 yaşlı Coşua Makdonaldın qətlində şübhəli bilinirlər. Onun güllə yaraları olan meyiti sentyabrın 2-də Merrylands West rayonunda bir evin yaxınlığında tapılıb.
İstintaq versiyasına görə, Makdonald səhvən öldürülmüş ola bilər. Əsl hədəfin Hauçar cinayətkar ailəsi daxilindəki münaqişə ilə əlaqəli başqa bir şəxs olduğu ehtimal edilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, müəllimə gənclərlə mütəmadi əlaqə saxlayıb, onlara polisin hərəkəti barədə məlumat verib və gizlənmələrinə kömək edib.
Əvvəlcə ona qətldən sonra cinayətkara kömək etmək, cinayətkar qrupda iştirak və rəqəmsal sübutlara çıxışla bağlı göstərişi yerinə yetirməmək ittihamları irəli sürülüb.
Daha sonra ittihamlara daha üç maddə, o cümlədən qətl törətmək məqsədilə sui-qəsddə iştirak ittihamı əlavə olunub.

