Avstraliyalı tədqiqatçılar invaziv müdaxilə olmadan, sadəcə tüpürcək nümunəsi ilə ürək çatışmazlığını erkən mərhələdə aşkar etməyə imkan verən test hazırlayıblar — yəni təhlükəli simptomlar ortaya çıxmazdan çox əvvəl. Biosensors and Bioelectronics: X (B&B) jurnalında dərc olunan araşdırmada göstərilir ki, yeni metodika S100A7 adlı zülalın səviyyəsini müəyyənləşdirir — bu marker kəskin ürək çatışmazlığı olan xəstələrdə normadan demək olar ki, iki dəfə yüksək olur.
Test tüpürcəkdə genlərin aktivliyini “oxuya” bilən mRNA-analizinə əsaslanır. Tədqiqatda bu üsul standart klinik testlərlə 81% uyğunluq göstərib. Sağlam və xəstə şəxslərin müqayisəsində isə nəticə daha da təsirli olub: 82% dəqiqlik, halbuki zülal səviyyəsinin birbaşa ölçülməsinə əsaslanan klassik metodlarda bu göstərici cəmi 52% idi. Bu fərq göstərir ki, erkən molekulyar dəyişiklikləri aşkar etmək, artıq formalaşmış zülal səviyyələrini ölçməkdən daha asandır.
Müəlliflər vurğulayırlar ki, texnologiya hələ ki, kiçik qrup üzərində sınaqdan keçirilib, lakin potensialı son dərəcə böyükdür: sürətli, əlçatan və ağrısız test xüsusilə risk qrupunda olan insanlar üçün ürək çatışmazlığının erkən xəbərdarlıq vasitəsinə çevrilə bilər.
Əgər nəticələr geniş qruplarda da təsdiqlənərsə, tüpürcək testi ürək çatışmazlığı üçün ilk kütləvi skrininq üsulu ola bilər.

