Kaliforniya Universitetinin (UCLA) alimləri erkən mərhələdə hormon asılı döş xərçəngi üçün təkrarlanma riskini əhəmiyyətli dərəcədə azalda bilən yeni dərman — girеdestrant hazırlayıblar. Araşdırmanın nəticələri SABCS — San Antonio Breast Cancer Symposium tədbirində təqdim edilib.
Söhbət HR-pozitiv, HER2-mənfi döş xərçəngindən gedir — bu, xəstəliyin ən geniş yayılmış formasıdır və böyümək üçün estrogen hormonundan istifadə etdiyi üçün müalicədən sonra belə tez-tez təkrarlanır.
Dörd mindən çox pasiyentin iştirak etdiyi araşdırmada yeni dərman şişin yenidən yaranma ehtimalını təxminən üçdə bir azaldıb, həmçinin onun digər orqanlara yayılma riskini də aşağı salıb.
Pasiyentlər üzərində müşahidə müalicənin başlanmasından simptomların tam yox olmasına qədər təxminən üç il davam edib. Giredestrant qəbul edilən qrupda yan təsirlər səbəbindən müalicəni yarımçıq saxlayanların sayı standart hormonal terapiya ilə müqayisədə daha az olub.
Giredestrant estrogen reseptorlarını təkcə bloklamır, tamamilə məhv edir, bununla da xərçəng hüceyrələrini böyümə mexanizmindən məhrum edir. Alimlərin fikrincə, nəticələr təsdiqlənərsə, bu dərman son onilliklərin ən mühüm hormon terapiyası yeniliyi ola bilər.

