Qadınların münasibətlərə marağının azalması onların düşüncə tərzində baş verən dəyişikliklərlə bağlıdır. Bunu NEWS.ru-ya psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Yelena Yarikova bildirib.
Onun sözlərinə görə, müasir qadınlar daha müstəqil və özünə güvənən olublar.
“Biz tərəfdaşlığa can atmağı əsas ehtiyac kimi qəbul etməyə öyrəşmişik. Amma bu gün getdikcə daha çox belə yanaşma görürük: ‘Mən tək də yaxşıyam’. Bu, travmadan sonra yaranan müdafiə reaksiyası deyil, qadın psixikasında müasir münasibətlərin istiqamətini dəyişən ümumi dönüşdür. Buna üç əsas proses səbəb olub. Əvvəllər kişi müdafiə və pul verirdi, qadın isə qayğı və ev. Bu gün qadınlar özləri pul qazanır, problemlərini həll edirlər, amma onlardan hələ də tam paket gözlənilir: yaxşı ana ol, ehtiraslı sevgili ol, evi yığışdır, dəstək ver və ilhamlandır. Cavabında isə çox vaxt iradlardan və ya susqunluqdan başqa heç nə almırlar”, — deyə Yarikova izah edib.
Psixoloq vurğulayıb ki, tənhalıq artıq əvvəlki kimi qorxu yaratmır. Əksinə, bir çox qadın üçün tək qalmaq həqiqətən dincələ bildiyi yeganə məkana çevrilib.
Onun sözlərinə görə, qadın tərəfdaşsız, özü ilə baş-başa qalmağın istirahət mahiyyətini anlayanda münasibətlərə marağı təbii şəkildə azalır.
“Kişilərə hər zaman həyatlarının əsas işi ilə məşğul olmağa icazə verilib. Qadınlara isə əsrlərlə köməkçi rolu ayrılıb. İndi onlar öz həyatlarının əsas layihəsinə çevriliblər: maraqlı iş, səyahətlər, inkişaf, öz pulları. Münasibətlər məcburi proqramdan xoş əlavəyə çevrilib. Qadınlar sevgi hissinə marağı itirmirlər, onlar öz istəklərindən imtina tələb edən tərəfdaşlıq formasına marağı itirirlər. Hazırda yeni balans axtarışı gedir və münasibət yalnız dəyərlər üst-üstə düşəndə mümkün olur”, — deyə Yarikova bildirib.

