Denmedia.az xəbər verir ki, NEWS.ru-ya danışan psixoloq, Dövlət Maarifləndirmə Universitetinin dosenti Yekaterina Bulqakova bildirib ki, qadınlar “ərimi itirirəm” qorxusu ilə kişiyə ayrılmaqla hədə-qorxu gəlməməlidirlər. Onun sözlərinə görə, kişinin özünə baxmaması, passivləşməsi və həyat enerjisini itirməsi — sadəcə daha dərin daxili problemlərin xarici əlamətidir.
Bulqakova vəziyyəti belə izah edir:
“Məsələ ərinizin ‘skuf’ — özünə baxmayan, enerjisiz kişiyə çevrilməsində deyil. Problem ondadır ki, o artıq öz həyatının aktiv subyekti olmaqdan çıxıb. Xarici görünüş yalnız simptomdur: yaşla bağlı fizioloji dəyişikliklər, testosteronun azalması, yorğunluq, daxili boşalma ola bilər.”
Psixoloqun sözlərinə görə, qadının sərt reaksiya verməsi — müqayisə etmək, ultimatum qoymaq, təhqir etmək — vəziyyəti daha da pisləşdirir:
“Hədə-qorxu heç nəyi dəyişməyəcək. Əksinə, son ümidləri də öldürəcək. Siz onu dəyişməyə məcbur edə bilməzsiniz, amma elə bir ortam yarada bilərsiniz ki, onda dəyişmək üçün enerji yaransın.”
Bulqakova əlavə edir ki, kişinin qəfil apatiyası çox vaxt gizli sağlamlıq problemlərinin nəticəsi ola bilər: hipertoniya, qalxanabənzər vəzi pozuntuları, prediyabet, yuxu apnesi, eləcə də depressiya və ya orta yaş böhranı. Bütün bunlar insanı yorur, motivasiyasını öldürür və onu “yorğun, həvəssiz, bezgin” edir.
Psixoloq deyir ki, qadının “mənim ərim belə oldu” kimi ifadələri onu hakim mövqeyinə gətirir və bu mövqe çıxılmazdır.
“Real dəyişiklik üçün siz müşahidəçi yox, müttəfiq və təşəbbüskar olmalısınız. Sözlə məcbur etməyin — birlikdə fəaliyyət təklif edin: gəzinti, idman, ortaq hobi. Əsas odur ki, kişi yenidən həyatın içində hiss etsin.”

