Yaponiyada dünyada ilk dəfə qida borusu xərçənginin müalicəsi üçün virus terapiyasının tətbiqinə başlanılıb. Genetik modifikasiya edilmiş adenovirus əsasında hazırlanan “Telomelin” preparatı iyun ayında ölkənin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib, avqustun 21-dən isə satışına başlanılıb.
Bu barədə Mainichi Shimbun (MS) nəşri məlumat yayıb.
Preparat Okayama Universitetinin bazasında yaradılmış Oncolys BioPharma şirkəti tərəfindən hazırlanıb. “Telomelin” radikal əməliyyat aparılması və ya kimyaterapiyanın şüa terapiyası ilə birlikdə tətbiqi mümkün olmayan qida borusu xərçəngi xəstələri üçün nəzərdə tutulub.
Müalicənin əsasını adenovirus – soyuqdəymə də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilən virus növlərindən biri təşkil edir. Alimlər virusu genetik olaraq dəyişdiriblər ki, o, aktiv telomerazaya malik xərçəng hüceyrələrində daha çox çoxalsın. Virusun çoxalması nəticəsində şiş hüceyrələri məhv olur.
“Telomelin” ağızdan keçirilən endoskop vasitəsilə birbaşa şişə yeridilir. Prosedur şüa terapiyası ilə eyni vaxtda, iki həftəlik fasilələrlə üç dəfə həyata keçirilir. Bu üsul açıq cərrahi əməliyyat tələb etmir və xəstələrin orqanizminə düşən yükü azalda bilər.
Klinik sınaqlarda xəstələrin təxminən yarısında müalicəyə başlandıqdan bir il yarım sonra lokal xərçəngin yoxa çıxdığı bildirilib.
Qeydə alınan yan təsirlər arasında qızdırma və limfositlərin səviyyəsinin müvəqqəti azalması yer alıb.
Preparatın yaradıcıları hesab edirlər ki, bu üsul qida borusu xərçənginin müalicəsində yeni istiqamət açır. Şirkət gələcəkdə oxşar virus terapiyasının düz bağırsaq və anal kanal da daxil olmaqla digər orqanların şişlərinə qarşı tətbiq imkanlarını araşdırmağı planlaşdırır.

