Konqo Demokratik Respublikasında may ayında elan edilən Ebola epidemiyasının miqyası genişlənməkdə davam edir.
Ölkənin Səhiyyə Nazirliyi və yerli səhiyyə orqanlarının yaydığı son məlumatlara görə, təsdiqlənmiş yoluxma hallarının sayı 3532-yə, ölənlərin sayı isə 1556-ya çatıb. Hazıradək 626 xəstənin sağaldığı, daha 807 nəfərin təcrid şəraitində saxlanıldığı bildirilir.
Epidemiya mayın 15-də rəsmən elan edilib. İlk yoluxma halları ölkənin şərqində yerləşən İturi vilayətində aşkarlanıb. Burada ilkin mərhələdə 246 şübhəli yoluxma və 65 ölüm halı qeydə alınmışdı.
Virus qısa müddət ərzində yayılaraq İturi, Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tshopo olmaqla beş vilayəti əhatə edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırkı epidemiya Bundibuqyo virusunun səbəb olduğu indiyədək qeydə alınmış ən böyük epidemiya hesab olunur. Təşkilat yoluxmanın davam etdiyini, ölüm hallarının və coğrafi yayılmanın artdığını bildirir.
Mövcud epidemiya Ebola virusunun nadir növlərindən biri olan Bundibuqyo variantı ilə əlaqələndirilir. Bu varianta qarşı xüsusi təsdiqlənmiş peyvənd və ya hədəflənmiş müalicənin olmaması xəstəliklə mübarizəni daha da çətinləşdirir. Müalicə əsasən xəstənin vəziyyətinin sabitləşdirilməsi və ağırlaşmaların qarşısının alınmasına yönəldilir.
Ebola adətən yüksək hərarət, güclü halsızlıq, əzələ ağrıları, qusma, ishal və bəzi hallarda daxili və xarici qanaxmalarla müşayiət olunur. Virus yoluxmuş şəxsin qanı və digər bədən mayeləri ilə birbaşa təmas zamanı yayılır.
Ebola ilk dəfə 1976-cı ildə Sudan və indiki Konqo Demokratik Respublikasında qeydə alınıb. Xəstəliyin ən dağıdıcı epidemiyası isə 2014–2017-ci illərdə Qərbi Afrikada baş verib. Həmin dövrdə təxminən 30 min insan yoluxub, 11 mindən çox insan həyatını itirib.

