ABŞ-nin Nyu-York ştatında “Burbon” virusuna ilk yoluxma halı rəsmi şəkildə təsdiqlənib.
“Fox News” yerli tibb mütəxəssislərinə istinadən bildirir ki, bu nadir infeksiyaya qarşı hazırda nə peyvənd, nə də xüsusi müalicə üsulu mövcuddur.
Virusun daşıyıcısı it gənəsi hesab olunur. Xəstəlik ilk dəfə 2014-cü ildə Kanzas ştatının Burbon dairəsində qeydə alındığı üçün bu adı alıb.
Məlumata görə, indiyədək ABŞ-da cəmi altı yoluxma halı sənədləşdirilib, onlardan ikisi ölümlə nəticələnib. Bununla belə, həkimlər real yoluxma sayının daha çox ola biləcəyini istisna etmirlər. Səbəb isə xəstəliyin müəyyənləşdirilməsini çətinləşdirən spesifik testlərin olmamasıdır.
Virusun əsas simptomları sırasında yüksək hərarət, əzələ və baş ağrısı, ürəkbulanma, səpkilər və güclü halsızlıq göstərilir.
“Stony Brook Medicine” mütəxəssisləri xəbərdarlıq ediblər ki, virusu daşıyan aqressiv gənə növü ABŞ-nin təxminən 20 ştatında yayılıb. Xüsusilə ölkənin şimal-şərqində, o cümlədən Nyu-Yorkda bu gənələrin sayının yüksək olduğu bildirilir.

