Güclü və səbəbi izah olunmayan yorğunluq qadınlarda infarktın ilk əlamətlərindən biri ola bilər.
Bu barədə kardioloqlar Araş Bereliani və Emi Annert “The Washington Post”a bildiriblər.
Həkimlərin sözlərinə görə, ürəklə bağlı yorğunluğun əsas fərqi onun yuxudan və ya istirahətdən sonra keçməməsi, fiziki gərginlik zamanı isə daha da güclənə bilməsidir.
Heç bir aydın səbəb olmadan halsızlığın bir neçə gün və ya həftə davam etməsi də diqqətdən kənarda qalmamalıdır.
“Heç nə edə bilmirəm. Gücüm yoxdur, özümü zəif və yorğun hiss edirəm”, – Emi Annert infarkt zamanı müşahidə edilə bilən hissləri belə təsvir edib.
O bildirib ki, qadınlar bu cür əlamətləri çox vaxt stress, həddindən artıq iş yükü və ya yuxusuzluqla əlaqələndirirlər.

Araş Bereliani isə pasiyentlərindən birində infarktın yeganə əlamətinin qadının qəfil olaraq saçını fenlə qurudacaq qədər uzun müddət qollarını yuxarıda saxlaya bilməməsi olduğunu deyib.
Həkimlər vurğulayırlar ki, yorğunluq sinədə narahatlıq, çənə, boyun və ya bel ağrısı, nəfəs darlığı, ürəkbulanma, başgicəllənmə və güclü tərləmə ilə müşayiət olunursa, bu xüsusilə təhlükəli ola bilər.
Mütəxəssislər qəfil yaranan güclü halsızlıq və infarktın digər əlamətləri zamanı vəziyyətin yaxşılaşmasını gözləmədən təcili tibbi yardım üçün müraciət etməyi tövsiyə edirlər.

