Adi fiziki yük zamanı və ya hətta sakit vəziyyətdə yaranan təngnəfəslik infarktın əlamətlərindən biri ola bilər.
Kardioloq Nikita Dyaçenko “Zdorovye Mail”ə açıqlamasında bildirib ki, bu cür simptomları görməzlikdən gəlmək olmaz.
Mütəxəssisin sözlərinə görə, infarkt adətən qəfil və səbəbsiz baş vermir, illər ərzində inkişaf edir. Buna görə də ən düzgün yanaşma simptomların yaranmasını gözləmək deyil, əvvəlcədən profilaktik tədbirlər görməkdir.
Kardioloq vurğulayıb ki, aşağıdakı hallarda dərhal təcili yardım çağırmaq lazımdır:
- döş sümüyü arxasında güclü sıxıcı və ya yandırıcı ağrı 15 dəqiqədən çox davam edirsə;
- ağrı qola, çiyinə, boyuna, alt çənəyə və ya kürəklərin arasına yayılırsa;
- soyuq yapışqan tər, güclü halsızlıq və ya solğunluq yaranırsa.
Həkimin sözlərinə görə, belə vəziyyətdə tibbi yardımın tez göstərilməsi sağlamlığın və həyatın qorunması şansını əhəmiyyətli dərəcədə artırır.

