Uzun illər ərzində xroniki ağrıdan şikayət edən qadınlar çox vaxt həkimlər tərəfindən ciddi qəbul edilməyib. Onların şikayətləri stress, hormonal dəyişikliklər, həddindən artıq emosionallıq və ya narahatlıqla izah olunub. Nəticədə bir çox qadın həkim otağından dəqiq cavab almadan, sadəcə eşidilmədiyi hissi ilə çıxıb.
Həkim-nevrocərrah Yuri Perekopayko qadın sinir sisteminin niyə fərqli işlədiyini və bunun xroniki ağrıya yanaşmanı necə dəyişdiyini izah edib.
Müasir tibb artıq bu yanaşmanı yenidən nəzərdən keçirir. Getdikcə daha aydın olur ki, qadınlar ağrı haqqında sadəcə fərqli danışmırlar, onların orqanizmi ağrını həqiqətən də başqa cür yaşayır. Məhz buna görə miqren, autoimmun xəstəliklər və xroniki çanaq ağrısı qadınlarda daha çox diaqnoz qoyulan hallar sırasında yer alır.
Nevrocərrahın sözlərinə görə, əsas fərqlərdən biri qadınlarda xroniki ağrının immun sisteminin fəaliyyəti ilə daha sıx bağlı olmasıdır. Bəzi immun hüceyrələri ağrı siqnallarını gücləndirə və ilkin toxuma zədəsi çoxdan sağalsa belə, həmin siqnalları aktiv saxlaya bilir.
Başqa sözlə, orqanizm ağrının əsas səbəbi aradan qalxdıqdan sonra da onu “xatırlamağa” davam edir. Bu isə qadınlarda xroniki ağrının yaranma mexanizmlərinin kişilərdən ciddi şəkildə fərqlənə biləcəyini göstərir.
Qadın cinsi hormonları — estrogen və progesteron da ağrı hissinin formalaşmasında mühüm rol oynayır. Bu hormonlar sinir sisteminin ağrı yolları ilə birbaşa əlaqədə olur, neyromediatorlara, iltihabi proseslərə və ağrı reseptorlarının həssaslığına təsir göstərir.
Məhz buna görə bir çox qadın həyatının və ya menstrual dövrünün müəyyən mərhələlərində ağrının artdığını hiss edir. Bu, menstruasiya, hamiləlik və ya menopauza dövründə daha aydın görünə bilər. Mütəxəssislər bildirirlər ki, bu hal nə təsadüfdür, nə də mübaliğə. Bu, bioloji prosesdir və alimlər tərəfindən getdikcə daha dərindən öyrənilir.
Müasir tədqiqatlarda diqqət çəkən digər məqam isə mərkəzi həssaslaşma adlanan vəziyyətdir. Bu zaman baş və onurğa beyni ağrı siqnallarına qarşı həddindən artıq həssas olur. Nəticədə normalda ağrı yaratmamalı olan yüngül qıcıqlar belə insana xoşagəlməz və ya çox ağrılı təsir bağışlaya bilər.
Bu səbəbdən xroniki ağrı bəzən görünən fiziki səbəb olmadan da uzun müddət davam edir.
Mütəxəssislərin diqqət çəkdiyi daha bir vacib məqam isə ağrıkəsici dərmanlarla bağlıdır. Uzun müddət ərzində ağrıkəsici preparatların böyük hissəsi əsasən kişilərin iştirakı ilə aparılan tədqiqatlar əsasında hazırlanıb və sınaqdan keçirilib. Bu səbəbdən qadınlarda ağrının bioloji mexanizmləri uzun müddət kifayət qədər öyrənilməyib.
Nəticədə bir çox qadına verilən müalicə onların ağrısının əsasında dayanan real bioloji proseslərə təsir etməyib. Bu isə düzgün diaqnozun gec qoyulmasına, müalicənin kifayət qədər effektli olmamasına və ən ağrılı tərəfi ilə desək, qadın pasiyentlərin şikayətlərinin gözardı edilməsinə gətirib çıxarıb.
Ağrı illərlə davam etdikdə isə sinir sisteminin fəaliyyəti tədricən dəyişir. Bu mərhələdən sonra həmin ağrını müalicə etmək daha çətin olur.
Bununla belə, müasir elmi araşdırmalar ümidverici nəticələr ortaya qoyur. Alimlər artıq ağrının müalicəsində cinsə uyğun fərdi yanaşmalar üzərində daha fəal işləyirlər. Söhbət yalnız simptomları azaltmaqdan deyil, həm də qadınlarda ağrının yaranmasında rol oynayan immun mexanizmlərə, hormonal xüsusiyyətlərə və sinir sisteminin fərqli iş prinsipinə təsir edən müalicə üsullarından gedir.

Mütəxəssislərin fikrincə, məhz bu yanaşma xroniki ağrının müalicəsində dönüş nöqtəsi ola bilər.
Qadınlarda ağrı məsələsi yalnız tibbi deyil, həm də sosial problemdir. Çox uzun müddət qadınlara ağrılarının “başlarında olduğu”, həddindən artıq həssas davrandıqları və ya sadəcə çətin bir dövrdən keçdikləri deyilib. Müasir elm isə bu stereotipləri tədricən dağıdır və qadın ağrısının real bioloji əsaslara malik olduğunu təsdiqləyir.
Bu isə o deməkdir ki, qadınlarda xroniki ağrı ayrıca öyrənilməli və ona xüsusi müalicə yanaşması tətbiq olunmalıdır.

