Qulaqları pambıq çubuqlarla təmizləmək qulaq kirinin daha dərinə, qulaq pərdəsinə doğru itələnməsinə və ciddi zədələnmələrə səbəb ola bilər.
Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnoye Klinik Xəstəxanasının otorinolarinqoloqu Raul Ten NEWS.ru nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, pambıq çubuqlardan istifadə qulaq gigiyenası üçün vacib deyil. Çünki qulaqlar təbii şəkildə özünü təmizləmək qabiliyyətinə malikdir.
“Biz qulaqlarımızı pambıq çubuqlarla təmizləməyə öyrəşmişik və bunun gigiyenik olduğunu düşünürük. Əslində isə bu, qulaq zədələrinin ən geniş yayılmış səbəblərindən biridir”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, pambıq çubuq qulaq kirini xaric etmək əvəzinə onu qulaq pərdəsinə doğru itələyir. Nəticədə kir sıxılaraq toplanır və qulaqda kir tıxacı yarana bilər.
Bundan əlavə, ehtiyatsız hərəkət qulaq kanalının həssas dərisini, daha ağır hallarda isə qulaq pərdəsini zədələyə bilər.
“Qulaqlar özünü təmizləyən sistemdir. Artıq qulaq kiri adətən təbii yolla xaric olunur. Həkimlər qulaq kanalını təmizləmək üçün kənar əşyalardan istifadəni qətiyyən tövsiyə etmirlər”, – deyə Raul Ten vurğulayıb.

