Yuxu zamanı müəyyən bir tərəfə uzanmağın saç tökülməsinə səbəb olub-olmadığı araşdırılıb. Mütəxəssislər bildiriblər ki, saçların sağlamlığına yatış pozasından daha çox yastıq üzünün yaratdığı sürtünmə təsir göstərə bilər.
Bu barədə saç transplantasiyası üzrə cərrah Roksana Moyyer və trixoloq Ernesta Malinauskaite Yahoo Health nəşrinə açıqlamalarında bildiriblər.
Mütəxəssislər 2026-cı ildə aparılmış və yatış pozası ilə saç tökülməsi arasında mümkün əlaqəni araşdıran tədqiqatı şərh ediblər.
Araşdırmada keçəlləşmə problemi yaşayan kişilərin yatdıqları tərəfdə saç xəttinin daha çox gerilədiyi müəyyən edilib. Lakin Roksana Moyyer hesab edir ki, bu nəticələr yatış pozasının birbaşa saç tökülməsinə səbəb olduğunu sübut etmir.

Həkimin sözlərinə görə, insanlar çox vaxt arxası üstə də yatırlar. Halbuki başın arxa hissəsində saçlar adətən tökülməyə daha davamlı olur və saç transplantasiyası zamanı donor sahə kimi məhz bu nahiyədən istifadə edilir.
«Saç follikullarına qan axınını dayandıracaq qədər təzyiq yaratmaq üçün tələb olunan güc başın yastığa göstərdiyi təzyiqdən qat-qat çoxdur», – deyə Moyyer izah edib.
Trixoloq Ernesta Malinauskaite isə bildirib ki, saçların sağlamlığına yatış pozasından daha çox pambıq yastıq üzünün yaratdığı sürtünmə təsir göstərə bilər.
Onun sözlərinə görə, xüsusilə saçları ciddi zədələnmiş, kifayət qədər saç baxımı etməyən və yaş saçla yatmağa vərdiş etmiş şəxslər bu cür zədələnmələrə daha həssas ola bilərlər.
Mütəxəssis qeyd edib ki, gecə ərzində saçların yastıq üzünə sürtünməsi onların qırılmasına və strukturunun zəifləməsinə səbəb ola bilər.
Ekspertlər vurğulayıblar ki, saç tökülməsinin qarşısını almaq üçün yatış pozasını dəyişməyə ehtiyac yoxdur. Saçların qırılmasını azaltmaq üçün isə düzgün qulluq və sürtünməni minimuma endirən yastıq üzlərindən istifadə faydalı ola bilər.

