Fransanın məşhur aktrisası, sovet aktyoru, şair və müğənni Vladimir Vısotskinin həyat yoldaşı olmuş Marina Vladi 88 yaşında vəfat edib.
Bu barədə aktrisanın yaxınları AFP agentliyinə məlumat veriblər.
Əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi Paris yaxınlığında Rusiyadan mühacirət etmiş ailədə dünyaya gəlib.
O, ilk dəfə 11 yaşında İtaliya filmində çəkilərək kino karyerasına başlayıb.

Aktrisa karyerası ərzində Jan-Lük Qodar, Orson Uells və Bertran Tavernye kimi məşhur rejissorlarla əməkdaşlıq edib, Marçello Mastroyanni ilə birlikdə filmlərə çəkilib.
Marina Vladi “Cadugər”, “Klev şahzadəsi”, “Tutarlı sübutlar” və “Gecəyarısı zəngləri” kimi filmlərdə yaddaqalan rollar canlandırıb.
1963-cü ildə aktrisa rejissor Marko Ferrerinin “Kraliça arı” (“Nikah yatağı”) filmindəki roluna görə Kann Film Festivalının mükafatına layiq görülüb. 1965-ci ildə isə Moskva Beynəlxalq Film Festivalının münsiflər heyətinin üzvü olub.

1970-ci ildə Marina Vladi məşhur sovet aktyoru, şair və müğənni Vladimir Vısotski ilə ailə həyatı qurub. Vısotski aktrisanın üçüncü həyat yoldaşı olub. Onların evliliyi 1980-ci ildə Vısotskinin ölümünədək davam edib.
Daha sonra Marina Vladi həyat yoldaşına həsr etdiyi “Vladimir, yaxud yarımçıq qalmış uçuş” adlı kitabını qələmə alıb.

Vısotskidən əvvəl aktrisa rejissor Rober Osseyn və səyyah Jan-Klod Bruyye ilə evli olub. İlk evliliyindən iki, ikinci evliliyindən isə bir oğlu dünyaya gəlib. Vısotski ilə nikahından övladı olmayıb. Aktrisa onun ölümündən sonra daha bir dəfə ailə həyatı qurub.

Marina Vladinin övladları onun son anlarını evində, yaxınlarının və sevimli heyvanlarının əhatəsində keçirdiyini bildiriblər.
“O, evində, yaxınlarının və heyvanlarının əhatəsində vəfat edib. Uzun, gözəl və hadisələrlə zəngin bir ömür yaşayıb”, – deyə aktrisanın övladlarının açıqlamasında qeyd olunub.

