Fransız kino ulduzu Brigitte Bardo 91 yaşında vəfat edib. Bu barədə Le Figaro və AFP məlumat yayıb.
Brigitte Bardo 28 sentyabr 1934-cü ildə Parisdə anadan olub. Katolik məktəbində təhsil alıb, uşaqlıqdan rəqsə maraq göstərib, 7 yaşından baletlə məşğul olub, 13 yaşından isə Milli Ali Musiqi və Rəqs Konservatoriyasında rus xoreoqraf Boris Knyazevin dərslərində iştirak edib.
O, 14 yaşında model kimi karyerasına başlayıb. Kiçik bir moda nümayişindən sonra Jardin des Modes jurnalının redaktorunun diqqətini çəkib, ardınca Elle jurnalı üçün çəkilişlər gəlib.

Bardonun kino karyerası 1952-ci ildə rejissor Jean Boyerin “Normandiya dəliyi” filmi ilə başlayıb. Onun həyatında dönüş nöqtəsi isə 1956-cı ildə rejissor Roger Vadimin çəkdiyi “Və Tanrı qadını yaratdı” filmi olub. Vadim Bardonun ilk həyat yoldaşı idi. Bu film aktrisaya dünya şöhrəti qazandıraraq onu bir dövrün simvoluna çevirib.
Brigitte Bardo ümumilikdə təxminən 50 filmdə rol alıb. Onun ən məşhur işləri arasında “Həqiqət”, “İyrənc”, “Viva, Mariya!”, “Əziz Brijit”, “Kişi – qadın” filmləri var. O, Alain Delon və Marcello Mastroianni ilə tərəf müqabili olub, Jean-Luc Godard da daxil olmaqla Fransa kinosunun aparıcı rejissorları ilə çalışıb.

Kino ilə yanaşı Bardo musiqi ilə də məşğul olub, bir neçə plastinka yazdırıb. Onlardan bəziləri Serge Gainsbourg ilə birgə ərsəyə gəlib. Aktrisa ilə Qensbur arasında qısa müddətli münasibət də olub və o, Bardot üçün bir neçə mahnı bəstələyib.
1980-ci illərin sonlarından etibarən Brigitte Bardo diqqətini ictimai fəaliyyətə yönəldib və heyvan haqlarının ən məşhur müdafiəçilərindən birinə çevrilib. 1987-ci ildə o, Fondation Brigitte Bardo təsis edib. O, hərrac vasitəsilə 3 milyon frank toplayaraq fonda bağışlayıb və öz evini də təşkilata verib.


