Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə iki nadir anadangəlmə inkişaf qüsuru aşkarlanan yenidoğulmuş üzərində mürəkkəb cərrahi əməliyyat uğurla həyata keçirilib.
TƏBİB-dən verilən məlumata görə, körpəyə sidik kisəsinin ekstrofiyası və anal atreziya diaqnozları qoyulub. Bu iki patologiyanın birlikdə müşahidə olunması təxminən hər 300 min doğuşdan birində rast gəlinir.
Əməliyyatı uşaq cərrahı Araz Hüseynov, assistent cərrah Fərid Zeynalov, eləcə də anestezioloq-reanimatoloqlar Yelmar Süleymanov və Yeganə Ağayeva həyata keçiriblər.
Hazırda körpənin müalicəsi və tibbi müşahidəsi davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Sidik kisəsinin ekstrofiyası sidik kisəsinin və qarın ön divarının normal formalaşmaması, anal atreziya isə anal dəliyin olmaması və ya qapalı olması ilə xarakterizə edilən anadangəlmə inkişaf qüsurudur.

