Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında son 10 gün ərzində üç uşağa mürəkkəb cərrahi əməliyyat aparılıb.
TƏBİB-dən verilən məlumata görə, uşaq cərrahı Araz Hüseynov tərəfindən bir yenidoğulmuş diafraqmal yırtıq, digər yenidoğulmuş isə anal atreziya diaqnozu ilə əməliyyat olunub.
Bundan başqa, ağır formalı hipospadiya – penoskrotal hipospadiya diaqnozu qoyulan daha bir uşağa cərrahi müdaxilə edilib.
Diafraqmal yırtıq qarın boşluğu orqanlarının diafraqmadakı qüsur vasitəsilə döş qəfəsinə keçməsi ilə xarakterizə olunan anadangəlmə patologiyadır və yenidoğulmuşlarda tənəffüsün ciddi şəkildə pozulmasına səbəb ola bilər.
Anal atreziya isə anal dəliyin və düz bağırsağın aşağı hissəsinin formalaşmaması və ya düzgün inkişaf etməməsi ilə xarakterizə olunan anadangəlmə qüsurdur.
Penoskrotal hipospadiya hipospadiyanın ağır formalarından biri hesab olunur. Bu zaman sidik kanalının xarici dəliyi normal anatomik mövqedən aşağıda – cinsiyyət orqanı ilə xaya kisəsi arasındakı nahiyədə yerləşir.
Bildirilib ki, hər üç əməliyyat uğurla həyata keçirilib. Hazırda uşaqların vəziyyəti həkimlərin nəzarəti altındadır.


