Şou-biznesin ən tanınmış simalarından biri olan Paris Hiltonun yeniyetməlik illərində fiziki və psixoloji zorakılığa məruz qaldığını açıqladığı Yuta ştatındakı Provo Canyon məktəbinin lisenziyası ləğv edilib.
Qərar ştat rəhbərliyi tərəfindən qəbul olunub. Yuta Səhiyyə və İnsan Xidmətləri Departamenti bildirib ki, müəssisə şagirdlərin həyat təhlükəsizliyi və sağlamlığını risk altına qoyub.
Ştat rəsmilərinin açıqlamasına görə, kampusda qalan bütün uşaqların təhlükəsiz şəkildə təxliyə olunması və müəssisədəki fəaliyyətin tam dayandırılması barədə qərar verilib.
Müfəttişlərin yoxlama hesabatlarında məktəb rəhbərliyi ilə bağlı bir sıra ciddi pozuntular üzə çıxıb. Bildirilir ki, müəssisə rəhbərliyi ağır xəsarət alan şagird üçün təcili tibbi yardım çağırmayıb, uşaqlara qarşı qeyri-mütənasib güc və aqressiv fiziki təzyiq tətbiq olunub. Bundan başqa, işə götürülən əməkdaşların məhkumluq keçmişinin vaxtında yoxlanılmadığı da müəyyən edilib.
1990-cı illərin sonunda bu mərkəzdə təxminən bir il qalan Paris Hilton daha əvvəl burada döyüldüyünü, ona zorla dərman verildiyini və təcrid otağına salındığını açıqlamışdı.

Qərardan sonra 45 yaşlı Hilton böyük rahatlıq hiss etdiyini bildirib. Yaşadığı travmadan sonra hüquqi mübarizəyə başlayan və son üç ildə Vaşinqtonda fəal iş aparan məşhur ulduz uşaqların bu cür müəssisələrdə istismara məruz qalmasının qarşısını almağı hədəfləyən qanun layihəsinin tam qüvvəyə minməsi üçün Nümayəndələr Palatasına təzyiq göstərməyə davam edir.
“Heç bir müəssisə hesabat verməyəcək qədər güclü deyil”, — deyən Hilton mübarizəsini davam etdirəcəyini vurğulayıb.
Məktəbin hazırkı rəhbərliyi isə müəssisənin yeni sahibə keçdiyini əsas gətirərək iddialarla bağlı şərh verməkdən imtina edib.

