Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisində nəqliyyatla bağlı ciddi narazılıq yaşanır.
“Den.az” xəbər verir ki, Bakı-Quba yolu ilə şəhərə giriş imkanı olduğu halda, bir çox sürücülər – xüsusilə də yük maşınları – şəhərə giriş üçün məhəllə arası alternativ yoldan istifadə edirlər. Halbuki, həmin yol ilkin olaraq magistrala çıxış üçün nəzərdə tutulub, şəhərə giriş üçün deyil.
Sakinlərin sözlərinə görə, bu yol dar və yaşayış evlərinə çox yaxın olduğundan, gündəlik olaraq nəqliyyatın intensivliyi onların rahatlığını pozur. Ağır tonnajlı yük maşınlarının bu yoldan keçməsi isə həm təhlükəsizlik, həm də yol örtüyünün tez sıradan çıxması baxımından ciddi problem yaradır.
Ən düşündürücü məqam isə odur ki, həmin yolda şəhərə girişin qadağan edildiyini bildirən heç bir yol nişanı yoxdur. Bu səbəbdən sürücülərin alternativ yoldan istifadəsi hüquqi baxımdan qeyri-qanuni sayılsa da, praktiki olaraq buna qarşı heç bir tədbir görülmür. Nəticədə məsuliyyətsizlik və nəzarətsizlik ucbatından həm yol hərəkəti təhlükəsizliyi pozulur, həm də sakinlərin narahatlığı artır.
Sakinlər aidiyyəti qurumlardan – xüsusilə BDYP və AYNA –dan məsələ ilə bağlı tədbir görülməsini, yola nəzarətin gücləndirilməsini və lazımi yol nişanlarının quraşdırılmasını tələb edirlər. Sözü gedən ünvana cavabdeh olan qurum AYNA-dan “Den.az”-a verilən məlumata görə, həmin yola nişanın qoyulması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DİN-nin BDYPİ) rəyi əsasında həyata keçirilə bilər. Bu o deməkdir ki, əgər həmin nişanın qoyulması məqbul hesab edilərsə, ondan sonra AYNA əməkdaşları tərəfindən sakinlərin şikayəti tam təmin edilə bilər.
Problemin həlli üçün konkret addımlar atılmasa, bu cür nəzarətsizlik gələcəkdə daha ciddi fəsadlara səbəb ola bilər. Şəhər infrastrukturu və vətəndaş məmnuniyyəti naminə bu məsələ təcili şəkildə həllini tapmalıdır.
Ellada Rəsul