Qubada baş verən güclü sel fəlakəti bölgənin nəqliyyat infrastrukturuna ciddi zərbə vurub.
Den.az xəbər verir ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun II Nügədi kəndi ərazisindən keçən hissəsində, Qaraçayın üzərində yerləşən körpü selin təsirindən tamamilə yararsız vəziyyətə düşüb.
Sel suları nəticəsində körpünün bir neçə dayağı əyilib, yol ötürücüsü isə uçmaq üzrədir. Mövcud vəziyyət səbəbilə körpü üzərindən nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Hazırda ərazidə həyat təhlükəsi riski yüksəkdir.
Sözügedən körpü Qubanın 30-dan çox kəndini şəhər mərkəzi ilə birləşdirən əsas yol infrastrukturudur. Körpünün bağlanması bu kəndlərdə yaşayan minlərlə insanı faktiki olaraq izolyasiya vəziyyətinə salıb. Məktəbə gedən şagirdlər, xəstəxanaya ehtiyacı olan insanlar, gündəlik iş-güc üçün şəhərə üz tutan sakinlər hazırda böyük çətinliklə üzləşiblər. Alternativ yol yoxdur və vəziyyət kritikdir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ilkin baxış keçirilib. Lakin vəziyyətin ağırlığına baxmayaraq, körpünün təmir olunması, yoxsa yenisi ilə əvəz olunması barədə hələlik rəsmi qərar verilməyib. Gecikən qərar isə bölgədə sosial narazılığı artırır.
Sakinlər sual edir: “Hər il bu körpü ilə bağlı eyni problem yaşanır. Nə üçün möhkəm, dayanıqlı körpü inşa edilmir? Fəlakət baş verdikdən sonra deyil, niyə qabaqlayıcı tədbirlər görülmür?”
Mütəxəssislər isə xəbərdarlıq edirlər: əgər yaxın günlərdə yağışlar davam etsə, körpü tamamilə çökə və ətraf ərazilərə daha geniş ziyan vura bilər.
Vəziyyətin ciddiliyi nəzərə alınaraq, məsələ ilə bağlı operativ qərar verilməsi, həm təhlükəsizlik, həm də sosial-siyasi sabitlik baxımından son dərəcə vacibdir. Gözləməyə zaman yoxdur – bu artıq sadəcə infrastruktur problemi deyil, insan həyatı təhlükəsidir!
Nüşabə Baxşıyeva