Vətən uğrunda canından keçmiş igidlərimizin ailələrinə qayğı və diqqət dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə mərkəzi və yerli icra hakimiyyətləri, o cümlədən bələdiyyələr də mühüm fəaliyyət göstərir.
Den.az xəbər verir ki, belə təşəbbüslərdən biri də Abşeron rayonu Saray qəsəbəsində həyata keçirilib.
Saray Bələdiyyəsi şəhid ailəsinə sosial dəstək məqsədilə onların yaşadığı evin əsaslı təmiri üçün lazımi tikinti materialları ilə təminat göstərib. Təmirə ehtiyacı olan evin vəziyyəti ilə tanış olduqdan sonra bələdiyyə nümayəndələri tərəfindən ailənin müraciəti diqqətlə araşdırılıb, ehtiyaclar müəyyənləşdirilib və təcili yardım məqsədilə müvafiq tikinti materialları ailəyə təqdim edilib.
Bələdiyyə tərəfindən görülən bu addım şəhid ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir və eyni zamanda cəmiyyətə verilən mühüm mesajdır – Vətən uğrunda şəhid olan hər bir igidin ailəsi dövlətin və xalqın diqqətindədir.
Məsələ ilə bağlı Saray qəsəbə bələdiyyəsinin sədri şəhid atası Nizami Zalov bildirib ki, hər zaman belə ailələrin yanındayıq. Bu dəstək təkcə maddi deyil, həm də mənəvi bir dayaqdır.”
Şəhid ailəsi də göstərilən bu diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib, ölkə başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, Saray Bələdiyyəsi bu kimi sosial layihələrə daim önəm verir, şəhid və qazi ailələrinə dəstək göstərmək məqsədilə müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Gələcəkdə də bu missiyanın davam etdirilməsi və daha çox ailənin əhatə olunması nəzərdə tutulur.
Nizami Rəsulov