Abşeron rayonunda yol infrastrukturunun yenilənməsi və abadlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bu çərçivədə Saray qəsəbəsində yerləşən qəbiristanlıqda mühüm layihələr həyata keçirilib.
Den.az xəbər verir ki, Saray qəsəbə qəbiristanlığında daxili yolların asfaltlanması işləri başa çatdırılıb. Bu işlər Saray qəsəbə bələdiyyəsi tərəfindən təşkil olunub və yerli əhali tərəfindən yüksək qiymətləndirilib.
Məlumata görə, bələdiyyə tərəfindən görülən abadlıq işləri çərçivəsində qəbiristanlıq ərazisində uzunluğu 700 metr, eni isə 5 metr olan yola asfalt örtüyü çəkilib. Layihənin icrasına şəhid ailələrinin və əhalinin rahatlığı baxımından xüsusi önəm verilib.
Saray qəsəbə bələdiyyəsinin sədri, şəhid atası Nizami Zalov bildirib ki, bu kimi infrastruktur layihələri gələcəkdə də davam etdiriləcək:
“Qəbiristanlıqlar xalqın mənəvi dəyərləridir. Bu cür ərazilərin abadlaşdırılması bizim üçün həm vicdani, həm də sosial borcdur. Gələcəkdə digər küçə və məhəllə yollarında da təmir və asfaltlama işləri nəzərdə tutulub.”
Yerli sakinlər bələdiyyənin bu təşəbbüsünü alqışlayaraq, ərazilərində belə abadlıq işlərinin davamlı olacağına ümid etdiklərini bildiriblər.
Abşeron rayonunda bu kimi layihələrin genişləndirilməsi həm əhalinin rifahına, həm də ümumi şəhərsalma inkişafına mühüm töhfə verir.