Abşeron rayonunda I və II Qarabağ müharibəsində vətənin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvlərinə və qazilər üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
"Den.az" xəbər verir ki, ziyafətdə şəhidlərimizin əziz xastirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səslənib.
Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidlərin ailə üzvlərinin hamımızın başının tacı olduğunu və artıq xalqımızın qisasının alındığını bildirib.
Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 gün davam edən Vətən Müharibəsində düşməni məğlub edib. Xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son verib, bütün şəhidlərimizin qisasını döyüş meydanında alıb.
Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda sürətli və böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkən RİH başçısı çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ramazan günlərində anım tədbirlərinin davamlı olacağını, Abşeron rayonunun digər kənd və qəsəbələrində də ayrı-ayrılıqda iftar ziyafətlərinin açılacağını qeyd edən icra hakimiyyəti başçısı burada əsas məqsədin şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd edib.
Daha sonra Abşeron rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Rayon Ağsaqqallar şurasının sədri Nizami Zalov və digərləri çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğuladılar. Çıxış edənlər bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Sonda din xadimləri şəhidlərin əziz ruhlarına dualar oxuyublar.
Şahnaz Əliyeva
Den.az