Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq, ölkədə hüquqi maarifləndirmə və hüquqa çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə, Azərbaycan Respublikası Milli Məclisinin Sədri hörmətli Sahibə Qafarovanın təşəbbüsü ilə Milli Məclis və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə fəaliyyəti nəticəsində aztəminatlı və həssas kateqoriyadan olan vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunur.
3 noyabr 2025-ci il tarixdə Abşeron rayonunun Şəfəq qəsəbəsində imtiyazlı vətəndaşların iştirakı ilə növbəti belə qəbul təşkil edilib. Tədbirdə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zaur Şükürov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Əsədov, Milli Məclis Aparatının məsul əməkdaşı Sevil Hacıyeva, Vəkillər Kollegiyasının nümayəndələri və digər aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.
Vətəndaşlarla fərdi qaydada keçirilən görüş zamanı onların müraciətləri dinlənilib, sosial müdafiə, hüquqi məsələlər, məşğulluq, torpaq və mülkiyyət münasibətləri, sosial xidmətlər və digər sahələr üzrə sualları cavablandırılıb. Eyni zamanda vətəndaşlara yerində ödənişsiz hüquqi yardım göstərilib və lazımi izahatlar verilib.
Görüşdə vurğulanıb ki, sosial rifaha yönəlmiş bu tip tədbirlər dövlət-vətəndaş həmrəyliyinin gücləndirilməsinə, hüquqi maarifin artırılmasına və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.









Ellada Rəsul
Denmedia.az

