Sumqayıt Bələdiyyəsinin illik hesabatı təkcə bir il ərzində görülən işlərin, göstərilən xidmətlərin və istifadə olunan maliyyə mənbələrinin sadalanmasıdır.Bu hesabat, eyni zamanda, bələdiyyə ilə seçicilər, vətəndaşlar arasında formalaşan qarşılıqlı etimadın, açıq idarəetmənin və şəffaf fəaliyyətin əsas təməl daşıdır.
Bu fikirləri Denmedia.az-a açıqlamasında Tərəqqi medallı sahibkar, Sumqayıt Bələdiyyəsinin üzvü Akif Şahbazov bildirib.
Onun sözlərinə görə, hesabatlılıq yerli özünüidarəetmənin ən vacib prinsiplərindən biridir və bələdiyyənin fəaliyyətinə ictimai nəzarətin təmin olunmasında mühüm rol oynayır.
Akif Şahbazov qeyd edib ki, Sumqayıt Bələdiyyəsinin hesabatında maliyyə vəsaitlərinin hansı mənbələrdən formalaşdığı, bu vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi, şəhər təsərrüfatı, abadlıq-quruculuq, sosial layihələr və infrastruktur sahəsində görülən işlər açıq və anlaşılan dildə ictimaiyyətə təqdim olunur. Bu yanaşma vətəndaşların bələdiyyə fəaliyyətini daha yaxından izləməsinə və real nəticələri görməsinə imkan yaradır.
Bələdiyyə üzvü vurğulayıb ki, hesabat yalnız rəsmi sənədlərə əsaslanmır, həm də vətəndaşlarla canlı dialoqun, ictimai məsuliyyətin və etibarın göstəricisidir:
“Şəffaflıq olduqda güvən yaranır. Güvən olduqda isə bələdiyyə ilə vətəndaş arasında sağlam əməkdaşlıq formalaşır. Sumqayıt Bələdiyyəsinin hesabatı məhz bu güvən bağını möhkəmləndirən əsas amillərdəndir.”
Onun sözlərinə görə, bələdiyyənin açıq fəaliyyəti gələcək planların daha effektiv qurulmasına, vətəndaşların təklif və iradələrinin nəzərə alınmasına da şərait yaradır. Bu isə Sumqayıtın sosial-iqtisadi inkişafına, şəhər mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Akif Şahbazov sonda bildirib ki, hesabatlı və şəffaf idarəetmə modeli Sumqayıt Bələdiyyəsinin fəaliyyətində əsas prinsip olaraq qalacaq və bu yanaşma vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş mühüm addımdır.
Nizami Rəsulov
Denmedia.az

