Tailand kralı X Ramanın böyük qızı, şahzadə Bacrakitiabhanın səhhəti pisləşib.
Bu barədə Mothership məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin dekabrından komada olan şahzadədə qarın boşluğunda infeksiya fonunda yeni ağırlaşmalar yaranıb. İnfeksiyanın bağırsaq iltihabı ilə əlaqəli olduğu qeyd olunur.
Üç il əvvəl 47 yaşlı Bacrakitiabha itlərini gəzdirərkən ürək tutması nəticəsində huşunu itirmişdi. Hazırda həkimlər onda aşağı təzyiq, aritmiya və qanın laxtalanması ilə bağlı problemlər qeydə alırlar.

Məlumata görə, şahzadənin vəziyyətində getdikcə pisləşmə müşahidə olunur. Həkimlər onun həyatı uğrunda mübarizəni davam etdirsələr də, proqnozların əlverişli olmadığı bildirilir.
Xəstəliyindən əvvəl Bacrakitiabha diplomatik fəaliyyətlə məşğul olub. O, Tailandı BMT-də təmsil edib, 2012-2014-cü illərdə isə ölkəsinin Avstriyadakı səfiri vəzifəsində çalışıb.
Şahzadənin ailəli olmadığı və övladının bulunmadığı qeyd edilir.

