Böyük Britaniyada 32 yaşlı qadın arıqlamaq üçün istifadə etdiyi “Wegovi” preparatından sonra ağır fəsadlarla üzləşib və nəticədə öd kisəsi əməliyyatı keçirib.
Bu barədə Daily Mirror məlumat yayıb.
Məlumata görə, Sara-Ceyn Krouford arıqlamaq məqsədilə inyeksiya kursuna başlayıb. Doza artırıldıqdan bir neçə həftə sonra onda güclü qarın ağrıları, qusma tutmaları və ağız boşluğunda qeyri-adi dəyişikliklər yaranıb. Qadın dilinin qaralaraq demək olar qara rəng almasını, kəskin pis qoxu və kükürd qoxulu gəyirmə hallarını müşahidə edib.
Sonradan o, Antrim xəstəxanasına yerləşdirilib. Müayinələr zamanı öd kisəsində çoxsaylı daşlar, öd yollarının tutulması və yoğun bağırsağın iltihabı — divertikulit aşkar olunub. Həkimlər pankreatit riskinin qarşısını almaq üçün öd kisəsinin çıxarılması barədə qərar veriblər.
Əməliyyatdan sonra pasiyent preparatın istifadəsini dayandırıb və vəziyyətinin tədricən yaxşılaşdığını bildirib. O, bu fəsadları məhz arıqlama inyeksiyaları ilə əlaqələndirir və belə vasitələrdən istifadə edərkən risklərin ciddi qiymətləndirilməsini tövsiyə edir.
Mütəxəssislər qeyd edir ki, preparatın aktiv maddəsi — semaglutid həzm sistemi ilə bağlı yan təsirlər yarada bilər. Bunlara bağırsaq hərəkətliliyinin zəifləməsi, ağız quruluğu və həzm pozuntuları daxildir. Klinik tədqiqatlarda həmçinin öd daşı və öd kisəsi iltihabı halları da qeydə alınıb.
Preparatın istehsalçısı Novo Nordisk isə bildirib ki, təhlükəsizlik əsas prioritetdir və mümkün yan təsirlər istifadə təlimatında ətraflı göstərilib.

